Şahbuzda gənclərin şəhid ailələri ilə görüşü təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclər Şahbuz rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər.

Görüş çərçivəsində gənclər şəhidlərimiz Bayramlı Cavid Əhliman oğlu, Muradlı İlkin İlyas oğlu və Məmmədov Tural Süleyman oğlunun ailə üzvləri ilə görüşüblər. Ziyarət zamanı şəhidlərimizin həyat və döyüş yolu, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və şücaət barədə məlumat verilib, ailə üzvlərinə mənəvi dəstək ifadə olunub. Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla anılmasının, onların həyat və döyüş yolunun gənc nəslə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Gənclərə şəhidlərimizin xidməti fəaliyyəti, təltif olunduqları orden və medallar barədə ətraflı məlumat verilib. Ailə üzvləri şəhidlərin həyat yolu və şəxsi keyfiyyətləri ilə bağlı xatirələrini bölüşüb, gənclər isə onların xatirəsinə yaradılmış guşələrlə tanış olublar.

Əlavə edək ki, budəfəki görüş Şəhid Tural Məmmədovun anası Gülxar xanımın 60 illik yubileyinə təsadüf edib. Bu münasibətlə şəhid anasına səmimi təbriklər ünvanlanıb və qəhrəman övladının portreti əks olunmuş hədiyyə təqdim olunub.